04.11.2009
Milli Net Təşkilat Komitəsinin açıqlaması
Milli Net Müsabiqəsinə başlanmasından artıq 1 aydan çox müddət keçib. Ötən müddət ərzində Milli Net –in məram və məqsədinin daha geniş yayılması, İnternet ictimaiyyətinin diqqətinin bu prosesə cəlb edilməsi , sayt sahiblərinin Müsabiqədə aktiv iştirak etməsi istiqamətində xeyli iş görülüb.
Milli Net Təşkilat Komitəsinə daxil olan müraciətlər göstərir ki, Azərbaycan dili versiyası olmayan saytların müsabiqədə iştirakına yol verilməməsi və Müsabiqə komissiyasının tərəfsiz və müstəqil olması istiqamətində atılan addımlar yüksək qiymətləndirilib. Eyni zamanda TK tərəfindən Qaydalara uyğun olaraq AzNet-də daha keyfiyyətli və istifadəçilərin özləri tərəfindən yaradılan saytlara önəm verilməsi İnternet ictimaiyyəti tərəfindən anlaşıqlıqla qarşılanıb.
Müsabiqədə iştirakçıların qeydiyyatı və təqdim olunan saytların qeydiyyat prosesinin, şərhlərin yazılması imkanlarının və yazılan şərhlərlə bağlı sayt sahiblərinin məlumatlandırılmasının, səsvermə prosesinin tam olaraq elektron formada gerçəkləşməsi üçün effektiv və çevik mexanizmlər yaradılıb.
Müsabiqə start veriləndən sonra ötən 1 ay müddəti ərzində 800 nəfər iştirakçı olaraq Milli Netd-də qeydiyyatdan keçmişdir. İndiyədək 365 sayt qeydiyyata təqdim olunmuş onlardan indiyədək 229 sayt Təşkilat Komitəsi tərəfindən Müsabiqə Qaydalarına uyğunluğu nəzərdən keçirilərək qəbul edilmişdir.
Hələlik daha çox sayt Əyləncə, Elm-təhsil, Fərdi saytlar və bloqlar , nominasiyaları üzrə qeydiyyatdan keçib.
İndiyədək 120 saytın Müsabiqədə iştirakı ilə bağlı müraciətindən hələlik imtina edilmişdir. Qeydiyyatından imtina olunan saytların böyük əksəriyyəti əyləncə saytlarıdır. Təxminən 50-dək sayt sahibi Saytlarda Qaydalara zidd olan məqamları aradan qaldırdıqdan sonra yenidən edilən müraciətlər əsasında müsabiqəyə buraxılıb.
İmtinanın səbəbləri əsasən saytlarda Müsabiqə Qaydalarına uyğun olmayan informasiyalar yerləşdirilməsi, xüsusilə də müəllif hüquqlarını kobud surətdə pozan, zərərli və ya qeyri-qanuni informasiyaların olması, bir sıra hallarda isə Müsabiqənin xüsusi Laqosunun saytda yerləşdirilməməsi ilə bağlı olub.
Ötən müddət ərzində Təşkilat Komitəsinə 12 təklif və müraciət daxil olub. Müraciətlər əsasən qeydiyyatdan keçən saytlarda təsvir və nominasiya hissəsində dəyişikliklərin edilməsi ilə bağlı olub. Təqdim olunan saytlara şərhlərin yazılması imkanların mövcud olması iştirakçılarla Təşkilat Komitəsi arasında daha effektiv və çevik informasiya münasibətləri qurmağa imkan verib.
İndiyədək qeydiyyatdan keçən saytlara 500-dək şərh yazılıb. Sevindirici haldır ki, şərhlər və müzakirələr əsasən saytların əyər-əskiklərinin aradan qaldırılması və peşəkarlıq səviyyəsində aparılır. Şərhlərin məzmunu ilə bağlı TK-ya yalnız bir şikayət daxil olub və müraciət ədalətli qaydada həll olunub.
Qeydiyyat prosesi 30 noyabr tarixdə başa çatacaq . Səsvermənin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub
Milli Net
Təşkilat Komitəsi
millinet.az
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az