25.11.2010
Milli Net 2010- da 1-ci səsvermənin yekunları müzakirə olunub.
Bu gün Milli Net TK-nın Toplantısı keçirilib. Toplantıda Milli Net 2010 da 1-ci səsvermənin yekunları və digər cari məsələlər müzakirə olunub.
Toplantıda 1-ci səsvermənin ümumən uğurla başa çatdığı qeyd olunub. Eyni zamanda Nominasiyalarla bağlı və hər Nominasiyada iştirak etməli olan minimal saytlarların sayı ilə bağlı gələcəkdə Əsasnaməyə müəyyən dəyişiklərin edilməsi tövsiyə olunub.
Toplantıda 1-ci səsvermənin yekunu ilə bağlı iştirakçılardan daxil olan şikayət və Müraciətlər də müzakirə olunub.
Hər bir Müraciət ayrılıqda müzakirə edilib. Bununla belə Müraciətlərdə qaldırılan məsələnin oxşar olması səbəbindən Müraciətlərə cavab olaraq və 1-ci səsvermənin yekunu olaraq TK –nın vahid bir mövqeyinin Müraciət edənlərə çatdırılması daha məqsədə uyğun hesab edilib.
Bununla bağlı TK-nın Müraciəti hazırlanıb və hər bir şikayətçiyə və Müraciət edənə göndərilib.
Müraciətin mətni aşağıda verilib.
Hörmətli Müsabiqə iştirakçısı.
İlk öncə bir daha Müsabiqədə iştirakınıza görə təşəkkür edirik. Milli Net Təşkilat Komitəsi diqqətinizə çatdırır ki , 1-ci mərhələ səsvermənin başa çatması və Nominantların seçilməsindən sonra TK-ya cəmi 8 şikayət və müraciət daxil olub. Şikayətlərdə, əsasən səsvermənin düzgün keçirilməməsi, ədalətsiz olması, plagiat saytların Nominant olması və s bu kimi müddəalar irəli sürülüb. Hətta TK üzvlərini qeyri obyektivlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdləri də özünə yer alıb.
Milli Net TK bir daha nəzərinizə çatdırır ki, TK Müsabiqənin təşkili ilə bağlı işləri görür. TK eyni zamanda istifadəçilərin və iştirakçıların Müsabiqədə daha fəal, rahat və effektiv formada iştirakı üçün şəraitin yaradılması , şəffaflığın təmin edilməsi , Müsabiqənin bütün mərhələləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Və nəhayət Müsabiqəyə təqdim olunan resursların Müsabiqəyə qəbul edilməsi prosesini həyata keçirir. Bildiyiniz kimi Müsabiqəyə saytların qəbul edilməsi də kifayət qədər sərt formada aparılır.
Müsabiqədə səsvermənin hər iki mərhələsi isə yalnız və yalnız Münsiflər Heyətinin üzvləri tərəfindən Əsasnaməyə uyğun formada həyata keçirilir. Münsiflər Komissiyası AİF tərəfindən artıq Sizə məlum olan 3 istiqamət üzrə formalaşdırılır. Hər müsabiqədə Münsiflərin bir hissəsi yeniləşdirilir. AİF Münsiflərin daha peşəkarlardan təşkil olunması istiqamətində çalışır və yeni Münsiflər seçir. AİF hər zaman bu istiqamətdə irəli sürülən bütün təklifləri qəbul etməyə hazır olduğunu bildirib.
Beləliklə bir daha diqqətinizə çatdırırıq ki , Münsiflər səsvermədə tam müstəqildirlər və TK onların səsvermə prosesinə heç bir müdaxilə etmir. TK yalnız səsvermə prosesinin gizli , şəffaf , çevik və ədaləti formada keçirilməsi üçün zəruri olan tədbirləri görür.
Səsvermənin nəticəsi 3 istiqamət üzrə 15 nəfərdən ibarət olan Münsiflərin subyektiv mülahizələrinin, baxışlarının, təfəkkürünün məhsuludur və TK bunu tam dəstəkləyir.
Əlbəttə istisna etmirik ki, diqqətdən yayınmalar, bəzən yetərincə ciddi olmayan yanaşmalar da ola bilər, istisna etmirik ki, Qeydiyyat, səsvermə və Nominasiyalarla bağlı vəziyyət tam təkmildir. Odur ki, TK eyni zamanda daha mütərəqqi və müsbət səsvermə texnologiyaları ilə bağlı, peşəkar Münsiflər Heyətinin formalaşdırılması ilə bağlı Təklifləri dinləməyə hazır olduğunu bəyan edir.
Mövcud səsvermə prosedurası haqqında geniş məlumat “Tez-tez verilən suallar” bölməsində də izah edilib.
TK bir daha bəyan edir ki , səsvermə 3 istiqamət üzrə ayrı-ayrı Münsiflər tərəfindən aparılır. Müşahidələrə əsaslanaraq TK bəyan edir ki, hansısa yalnız bir istiqamət üzrə ( kontent, dizayn və texnoloji) həqiqətən də müəyyən üstünlüyə malik olan resursda digər istiqamətlər zəif olduğundan toplam olaraq nəticələr yüksək olmaya bilir. Bu səbəbdən də güman ki , bəzən müxtəlif istiqamətlər üzrə orta göstəricilərə malik resurslar daha üstün vəziyyət əldə edirlər.
Milli Net TK Müsabiqənin ilkin nəticələrindən bəzi narazılıqları anlaşıqla qarşılayır. Təbii ki , hər bir yarışmada qaliblər az, yetərli uğur qazanmayanlar isə hədsiz çox olur. TK Müsabiqənin ilkin nəticələri ilə bağlı səmərəli Təklifləri diqqətlə nəzərdən keçirir və gələcək fəaliyyətdə nəzərə alınması üçün AİF in toplantısında müzakirəyə çıxarılmasını nəzərdə tutur.
Eyni zamanda TK bəzi iştirakçılar tərəfindən dözümsüzlük və səbirsizlik göstərərək uzun illər Azərbaycan İnternetində prinsipial və müstəqil olaraq fəaliyyət göstərən şəxsləri də ədalətsizlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdlərindən təəssüfləndiyini bildirir.
Milli Net TK bəyan edir ki, TK üzvləri və Münsiflər öz sahələri üzrə kifayət qədər tanınmış və təcrübəli şəxslərdir. TK Müsabiqənin tam olaraq şəffaf, ədalətli və informasiyalı bir şəraitdə keçirilməsinə var qüvvəsi ilə səy göstərir. TK bu prinsiplərin və Əsasnamənin bütün tələblərinin gözlənilməsinə tam olaraq nəzarət edir.
TK bildirir ki , Qeydiyyat prosesi başa çatan andan ( 20 Noyabr ) heç bir yeni resurs Müsabiqəyə təqdim olunmayıb. Gözləmədə olanlar və əvvəllər qeydiyyatından imtina olunanlar isə 1-ci səsvermə başa çatan andan sonra ( 22 Noyabr ) Müsabiqəyə qəbul edilməyib.
Son anda, Müsabiqəyə aidiyyatı olan resurslar olması səbəbindən 2 nəfər Münsif üzvü də məhz bu prinsiplərə görə səsvermədən kənarlaşdırılıb.
Bəzi şikayətlərdə qeyd olunduğunun əksinə olaraq , və qabaqcadan da məlumat verildiyi kimi onlar səsvermədə iştirak etməyiblər.
Milli Net TK bir daha müsabiqə iştirakçılarına gələcək işlərində və Azərbaycan İnternetinin inkişafı üçün yeni töhfələr verilməsində uğurlar arzulayır.
Milli Net TK
www.millinet.az
25.11.2010
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az