06.12.2011
Milli Net Təşkilat Komitəsinin açıqlaması
Milli Net Təşkilat Komitəsi bildirir ki, 1-ci mərhələ səsvermənin başa çatması və Nominantların seçilməsindən sonra bəzi iştirakçılar tərəfindən müəyyən narazılıqlar edilib və şikayətlər daxil olub.
İndiyədək Milli Net TK-ya cəmi 4 şikayət və müraciət daxil olub. Həmçinin bir neçə nəfər iştirakçı sosial şəbəkələrdə Müsabiqənin 1-ci mərhələsinin yekunu ilə bağlı öz iradlarını və narazılıqlarını bildiriblər.
Şikayətlərdə və narazılıqlarda əsasən səsvermənin düzgün keçirilməməsi, ədalətsiz olması, öz saytlarının nə üçün Nominant olmaması və s. bu kimi müddəalar irəli sürülüb. Hətta TK üzvlərini qeyri obyektivlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdləri də özünə yer alıb.
Bunlarla bağlı Milli Net TK bir daha bildirir ki, TK Müsabiqənin təşkili ilə bağlı işləri görür. TK eyni zamanda istifadəçilərin və iştirakçıların Müsabiqədə daha fəal, rahat və effektiv formada iştirakı üçün şəraitin yaradılması , şəffaflığın təmin edilməsi , Müsabiqənin bütün mərhələləri ilə bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət göstərir. Və nəhayət TK Müsabiqəyə təqdim olunan resursların Müsabiqəyə qəbul edilməsi prosesini həyata keçirir.
Milli Net TK bir daha bəyan edir ki Müsabiqədə səsvermənin hər iki mərhələsi üzrə səsvermə yalnız və yalnız Münsiflər Heyətinin üzvləri tərəfindən Əsasnaməyə uyğun formada həyata keçirilir. Münsiflər Komissiyası AİF tərəfindən 3 istiqamət üzrə formalaşdırılır. Hər müsabiqədə Münsiflərin bir hissəsi yeniləşdirilir. AİF Münsiflərin daha peşəkarlardan təşkil olunması istiqamətində çalışır və yeni Münsiflər seçir. AİF hər zaman bu istiqamətdə irəli sürülən bütün təklifləri qəbul etməyə hazır olduğunu bildirib.
Beləliklə bir daha diqqətinizə çatdırırıq ki, Münsiflər səsvermədə tam müstəqildirlər və TK onların səsvermə prosesinə heç bir müdaxilə etmir. TK yalnız səsvermə prosesinin gizli , şəffaf , çevik və ədaləti formada keçirilməsi üçün zəruri olan tədbirləri görür.
Səsvermənin nəticəsi 3 istiqamət üzrə 15 nəfərdən ibarət olan Münsiflərin subyektiv mülahizələrinin, baxışlarının, təfəkkürünün məhsuludur və TK bunu tam dəstəkləyir.
TK eyni zamanda daha mütərəqqi və müsbət səsvermə texnologiyaları ilə bağlı, peşəkar Münsiflər Heyətinin formalaşdırılması ilə bağlı Təklifləri dinləməyə hazır olduğunu bəyan edir.
Mövcud səsvermə prosedurası haqqında geniş məlumat “Tez-tez verilən suallar” bölməsində də izah edilib.
TK bir daha bəyan edir ki , səsvermə 3 istiqamət üzrə ayrı-ayrı Münsiflər tərəfindən aparılır. Müşahidələrə əsaslanaraq TK bəyan edir ki, hansısa yalnız bir istiqamət üzrə ( kontent, dizayn və texnoloji) həqiqətən də müəyyən üstünlüyə malik olan resursda digər istiqamətlər zəif olduğundan toplam olaraq nəticələr yüksək olmaya bilir. Bu səbəbdən də güman ki , bəzən müxtəlif istiqamətlər üzrə orta göstəricilərə malik resurslar daha üstün vəziyyət əldə edirlər.
Milli Net TK Müsabiqənin ilkin nəticələrindən bəzi narazılıqları anlaşıqla qarşılayır. Təbii ki , hər bir yarışmada qaliblər az, yetərli uğur qazanmayanlar isə hədsiz çox olur. TK Müsabiqənin ilkin nəticələri ilə bağlı səmərəli Təklifləri diqqətlə nəzərdən keçirir və gələcək fəaliyyətdə nəzərə alınması üçün AİF in toplantısında müzakirəyə çıxarılmasını nəzərdə tutur.
Eyni zamanda TK bəzi iştirakçılar tərəfindən dözümsüzlük və səbirsizlik göstərərək uzun illər Azərbaycan İnternetində prinsipial və müstəqil olaraq fəaliyyət göstərən şəxsləri də ədalətsizlikdə və tərəfkeşlikdə günahlandırmaq cəhdlərindən təəssüfləndiyini bildirir.
Milli Net TK bəyan edir ki, TK üzvləri və Münsiflər öz sahələri üzrə kifayət qədər tanınmış və təcrübəli şəxslərdir. TK Müsabiqənin tam olaraq şəffaf, ədalətli və informasiyalı bir şəraitdə keçirilməsinə var qüvvəsi ilə səy göstərir. TK bu prinsiplərin və Əsasnamənin bütün tələblərinin gözlənilməsinə tam olaraq nəzarət edir.
Milli Net TK bir daha müsabiqə iştirakçılarına gələcək işlərində və Azərbaycan İnternetinin inkişafı üçün yeni töhfələr verilməsində uğurlar arzulayır.
Milli Net TK
www.millinet.az
06.12.11
Milli Net
Təşkilat Komitəsi
www.millinet.az